çərşənbə 30 sentyabr 2026 - 23:30
Ləyaqətlə və mərdliklə yaşayın / Zülmə boyun əyməyin

Hövzə / Həzrət Ayətullah Cavadi Amuli izzətin qorunmasının və zülm qarşısında müqavimət göstərməyin zəruriliyinə işarə edərək vurğulayıb ki, Əmirəl-möminin İmam Əli (ə) buyurur: “Zülmə yalnız alçalmış xalq boyun əyər. İzzətli və başıuca olun, zülmə boyun əyməyin.”

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Cavadi Amulinin həftəlik əxlaq dərsi bu gün (çərşənbə) Qum şəhərindəki Məscidül-Əzəmdə müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə keçirilib.

Həzrət Ayətullah Cavadi Amuli bu dərsdə Nəhcül-Bəlağədə Əmirəl-möminin İmam Əlinin (ə) bəzi hikmətli kəlamlarına işarə edərək tövhidin həqiqətini və onun fərdi və ictimai həyatda doğurduğu nəticələri izah edib və bildirib: Müvəhhid insan o kəsdir ki, tövhidin təsirləri onun bütün əməllərində və həyatının bütün sahələrində özünü göstərsin.

O, əvvəlcə Nəhcül-Bəlağənin quruluşuna işarə edərək bildirib: Əmirəl-möminin İmam Əlinin (ə) Nəhcül-Bəlağədəki nurani kəlamları xütbələr, məktublar, tövsiyələr və hikmətli kəlamlar şəklində təqdim olunub. Bu hikmətli kəlamların bəziləri həmin xütbə və məktublarda da mövcuddur. Lakin Seyid Rəzi (Allah ondan razı olsun) bəzi hallarda bir xütbə və ya məktubun həzrət İmam Əlinin (ə) fəsahətli və bəlağətli kəlamlarını bəyan edən bir hissəsini ayrıca seçərək “hikmətli kəlamlar” bölməsində nəql edib.”

Həzrət Ayətullah Cavadi Amuli əlavə edib: Bu mənəvi kəlamların bəziləri məktublarda və digər mənbələrdə də yer alıb. Həmçinin Nəhcül-Bəlağədə nəql edilməyən bəzi məqamlar “Tam Nəhcül-Bəlağə” adlı dəyərli kitabda öz əksini tapıb. Bu kitabın əsasını qoyan və onu toplayan şəxs bu sahədə böyük zəhmətlər çəkib.

O bildirib: Hədisdə deyilir: «التوحید ثمن الجنة»; yəni tövhid Cənnətin bədəlidir. "Heç kəs müvəhhid olmadan Cənnətə daxil ola bilməz. Cənnət müvəhhidlərin məkanıdır və Cənnətdəki dərəcələr də insanın xüsusiyyətləri, etiqadları və əxlaqından asılıdır.”

O, vurğulayıb: “Müvəhhid yalnız etiqad mərhələsində Allahı vahid hesab edən şəxs deyil. Əksinə, müvəhhid o kəsdir ki, tövhidin təsirləri onun əməllərində və davranışlarında özünü göstərsin, dünyaya onun yaradanından ayrı baxmasın və həyatının bütün sahələrini «لا حول و لا قوة إلا بالله» – «Allahdan başqa heç bir güc və qüvvə yoxdur» həqiqətinin kölgəsində müşahidə etsin.”

Həzrət Ayətullah Cavadi Amuli qeyd edib: İmamət və ümmət sistemində imamın həyatı tövhid üzərində qurulub. Ziyarətlərdə və dualarda məsum İmamların (ə) hüzurunda ədəb göstərməyimiz, onların bütün hallarına və həyatlarının ayrı-ayrı sahələrinə görə salam söyləməyimiz onu göstərir ki, müvəhhid insanın bütün təsirləri və həyatının bütün sahələri tövhid əsaslıdır.

Elm əməllə yaşadılmalıdır, əməlsiz elm cəhalətdir

Həzrət Ayətullah Cavadi Amuli çıxışının başqa bir hissəsində elmə əməl etməyin əhəmiyyətini vurğulayaraq hövzə əhlinə müraciətlə bildirib: Siz elmlə ünsiyyətdəsiniz, mütaliə edir, araşdırma aparır, əsərlər yazır, dərs deyir və çıxışlar edirsiniz. Əgər bir ata öz övladına bir sərvəti əmanət etmək istəsə, ona deyər ki, bu sərvəti hədər vermə. Əmirəl-möminin İmam Əlinin (ə) hər kəsə, xüsusilə də hövzə əhlinə tövsiyəsi budur ki, bu elmi sərvəti hədər verməyin.

O, Əmirəl-möminin İmam Əlinin (ə) buyuruğuna işarə edərək bildirib: Həzrət buyurur: «لَا تَجْعَلُوا عِلْمَکُمْ جَهْلًا، وَ یَقِینَکُمْ شَکّاً؛ إِذَا عَلِمْتُمْ فَاعْمَلُوا، وَ إِذَا تَیَقَّنْتُمْ فَأَقْدِمُوا.» Yəni elminizi cəhalətə, yəqinliyinizi isə şəkkə çevirməyin. Həzrət özü bu cümləni belə izah edib: «إِذَا عَلِمْتُمْ فَاعْمَلُوا»; yəni hər hansı sahədə məlumat əldə etdikdə və haqq sizin üçün aydın olduqda, ona əməl edin.

O, vurğulayıb: İnsan öz elmini əməllə yaşatmalıdır. Çünki əməlsiz alim öz elmini cəhalətə çevirmiş olur. Əgər bilik heç bir təsir göstərmirsə, bilməmək kimidir. İnsan elm sahibidir, lakin bu elm onun üçün heç bir bərəkət daşımır və o, həmin elmi cəhalətə çevirmiş olur.

Elm və insanın sözü onun elmi şəxsiyyətinin göstəricisidir

O, çıxışının davamında elmin insan həyatındakı təzahürlərinə işarə edərək bildirib: İnsandan ortaya çıxan hər bir şey onun elminin və şəxsiyyətinin göstəricisidir. Yazdığı kitab, qələmə aldığı məktub, söylədiyi söz və etdiyi çıxış onun elminin nümayəndəsidir.

Həzrət Ayətullah Cavadi Amuli əlavə edib: Hövzə də belədir. Hövzədən eşidilən, görülən, deyilən və yazılan hər bir şey – istər təlim, istər əsərlərin yazılması, istərsə də söylənilən söz olsun – hövzənin etiqad və elmi maarifinin göstəricisidir. Buna görə də hər sözün deyilməsinə və hər fikrin yazıya alınmasına yol verməmək lazımdır. İnsan danışarkən, qələm işlədərkən və ictimai davranışlarında diqqətli olmalıdır. İnsanın söylədiyi hər bir söz onun tərəfindən verilən bir mesajdır və buna görə də həmin söz yetkin və ölçülüb-biçilmiş olmalıdır.

Tövhid əsasında baxış ictimai münasibətlərə yanaşmanın əsasıdır

Həzrət Ayətullah Cavadi Amuli əlavə edib: Ola bilər ki, kiminsə elmi ehtiyacı olsun və hansısa elmi məsələni həll etmək üçün sizin yanınıza müraciət etsin və ya sosial problemlə üzləşərək sizdən kömək istəsin. Əgər onun ehtiyacını aradan qaldırmaq imkanınız varsa, onu geri çevirməyin. Əgər kömək etmək imkanınız yoxdursa, «nəzakətlə geri çevirmək»lə və hörmətlə onu istiqamətləndirin və deyin ki, sizin probleminizi başqa bir şəxs həll edə bilər.

O, ilahi baxışın cəmiyyəti dirçəltməsini bildirərək vurğulayıb: İctimai münasibətlərə bu tövhidi baxış cəmiyyəti sivil və mədəni edir. İnsan bilməlidir ki, ona müraciət edən ehtiyac sahibi Allah tərəfindən göndərilmiş bir elçi ola bilər və onunla hörmətlə davranmalıdır. Həzrət öz mənəvi ifadəsində buyurur: «المسکین رسول‌الله»; ehtiyac sahibi Allahın elçisidir. O, ehtiyacını aradan qaldırmağınız üçün sizin yanınıza gəlib.

İnsanın ruzisi Allah yanında qorunur

Həzrət Ayətullah Cavadi Amuli çıxışının başqa bir hissəsində ruzi məsələsinə işarə edərək bildirib: Allah-Taala heç bir bəndəsini ruzisiz yaratmayıb. İnsanın ruzisinin bir hissəsi onun ixtiyarındadır, bir hissəsi isə Allah-Taalanın yanındadır. Allah yanında olan ruzi insanın ixtiyarında olan şeydən daha möhkəm və daha gözəldir.
 

İnsanın ixtiyarında olan tükənər, Allah yanında olan isə qalıcıdır

Həzrət Ayətullah Cavadi Amuli «مَا عِندَکُمْ یَنفَدُ وَمَا عِندَ اللَّهِ بَاقٍ» ayəsinin məzmununa işarə edərək bildirib: İnsan ümidsizliyə qapılmamalıdır. Allah yanında olan ruzi miqdarı qorunur və uca Allah onu kəsməz. Bir qədər səbir etmək lazımdır. Bu da tövhid əsaslı həyatın təzahürlərindən biridir.

Zülmə boyun əyməyin

Həzrət Ayətullah Cavadi Amuli çıxışının başqa bir hissəsində izzətin qorunmasının və zülm qarşısında müqavimət göstərməyin zəruriliyinə işarə edərək bildirib: Əmirəl-möminin İmam Əli (ə) buyurur: «لَا یَمْنَعُ الضَّیْمَ الذَّلِیلُ»; zülmə yalnız alçalmış xalq boyun əyər. İzzətli və başıuca olun, zülmə boyun əyməyin.

O, sözünə davam edərək bildirib: Digər bir nurani kəlamda belə buyurulur: «رُدُّوا الْحَجَرَ مِنْ حَیْثُ جَاءَ»; heç kimə daş atmayın, çünki ilkin olaraq zülmə yol vermək caiz deyil. Lakin kimsə sizə daş atarsa, onu dərhal geri qaytarın.

O, cəmiyyətin izzətinin qorunmasının zəruriliyini vurğulayaraq bildirib: Kişi kimi yaşayın. Kişi kimi yaşamaq sənətkarcasına və cəsarətlə yaşamaq deməkdir. Bu, Əmirəl-möminin İmam Əlinin (ə) gündəlik həyatındakı izzətin özüdür. Həzrət yalnız sözlər söyləyən və gecələr nalə edən biri deyildi, həm də ictimai həyatında izzət və başıucalığı təqib edirdi.

Xalqın müqavimət göstərməsinin təqdir edilməsi

Həzrət Ayətullah Cavadi Amuli bugünkü cəmiyyətin vəziyyətinə işarə edərək əlavə edib: Bu gün bu müqavimət və mübarizə ana, bacı, eləcə də övlad və qardaşlarımızın əlində bayrağa çevrilib. Digər tərəfdən, döyüşçülər də meydandadır və əllərini tətiyə qoyublar. Bunlar bir xalqın əzəmətinin, möhtəşəmliyinin və birliyinin göstəricisidir.

Həzrət Ayətullah Cavadi Amuli çıxışının son hissəsində Qurani-Kərimdə «qadınlar», «kişilər» və «insanlar» sözlərinin işlənməsindəki fərqə işarə edərək bildirib: Quranda üç ifadə ilə qarşılaşırıq. Bəzən yalnız qadınlardan danışılır və «نساء» sözü və qadınlarla bağlı ifadələr işlədilir. Bəzən kişilərdən danışılır və «رجال» ifadəsi işlədilir. Bəzən isə cəmiyyətdən və hər iki qrupdan danışılır və «ناس», yəni insanlar mənasında olan söz və ümumi ifadələrdən istifadə edilir.

O, həzrət Məryəmi (s.ə) nümunə göstərərək bildirib: Qurani-Kərim həzrət Məryəmi (s.ə) təqdim edərkən buyurur: «ضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِینَ آمَنُوا مَرْیَمَ»; Allah Məryəmi möminlərə nümunə göstərdi, onu yalnız qadınlara nümunə kimi təqdim etmədi. Buna görə də həzrət Məryəm (s.ə) yaxşı və mömin insanların nümunəsi, iman cəmiyyətinin örnəyidir. Bu gün də yaxşı insanların nümunəsi elə bayrağı əllərində tutan bacılarımız və qadınlarımızdır.

Həzrət Ayətullah Cavadi Amuli çıxışının sonunda keçmişlər, şəhidlər və hazırda yaşayanlar üçün dua edərək bildirib: Uca Allahdan diləyirik ki, keçmişlərimizi və şəhidlərimizi ilahi övliyalarla məhşur etsin, hər birinizə izzət, cəlal və əzəmət bəxş etsin, dünya və axirətinizi təmin etsin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha